Bakının Yasamal rayonu, Həsən bəy Zərdabi və Əsəd Əhmədov küçələrinin kəsişməsində müşahidə kameraları ilə bağlı Dövlət Yol Polisi (DYP) açıqlama verib. Bu haqda bu gün, 12 yanvar tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
DYP-nin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirlinin verdiyi məlumata əsasən, həmin ərazidə müşahidə kameraları işlək vəziyyətdədir.
Həmin küçələrdə yol nişan qaydalarına görə, birinci zolaqdan sola, ikinci zolaqdan düz və sola, üçüncüdən isə ancaq düz getməyə icazə var. Lakin bəzi sürücülər ən sağ zolaqdan sola manevr edərək qaydaları pozur və qəza vəziyyəti yaradırlar.
Polis kapitanı əlavə edib ki, yol qaydalarını pozan sürücülərə qarşı qanunamüvafiq tədbirlər həyata keçirilir.