1 dekabr tarixindən etibarən Bakı-Əl-Küveyt-Bakı marşrutu üzrə birbaşa reyslər həyata keçiriləcəyi nəzərdə tutulub. Bu haqda APA 16 noyabr tarixində xəbər verib.
"Azərbaycan Hava Yolları" aviaşirkəti (AZAL) Heydər Əliyev Beynəlxalq Aeroportundan Küveytin paytaxtı Əl-Küveyt şəhərinə və geriyə xüsusi reyslər yerinə yetirəcək.
Həftədə iki dəfə – çərşənbə və şənbə günləri həyata keçiriləcək reysləri "Airbus A319" hava gəmisi yerinə yetirəcək.
Reyslərə yalnız COVID-19 pandemiyası səbəbindən tətbiq edilən epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.
Küveytə səyahət etməyi planlaşdıran bütün sərnişinlərə uçuşdan əvvəl bu ölkə ərazisinə giriş zamanı tətbiq olunan qayda və məhdudiyyətlərlə tanış olmaları tövsiyə olunur.
COVID-19 testinin nəticəsi uçuşdan əvvəl 72 saat ərzində etibarlı olmalıdır.