DİN ahıl və tənha vətəndaşlara qarşı dələduzluq hallarının artması ilə bağlı vətəndaşlara müraciət edib.
DİN-in Mətbuat Xidmətindən Bakuplus.az-a verilən məlumata görə, son günlər ahıl və tənha vətəndaşlara qarşı dələduzluq hallarının artması müşahidə olunur.
Naməlum şəxslər özlərini övlad, nəvə və ya yaxın qohum kimi təqdim edərək guya qəza törədilməsi, ağır cərrahi əməliyyata ehtiyac olması kimi saxta bəhanələrlə yaşlı insanlardan pul tələb edirlər..
Bildirilib ki, şübhəli şəxslər əsasən xarici nömrələrdən zəng edərək vətəndaşlara yalan məlumatlar ötürür, təcili şəkildə müxtəlif məbləğlərdə pul vəsaitinin göndərilməsini israrla tələb edirlər. Bəzi hallarda dələduzlar xüsusi olaraq ahıl və tənha şəxsləri hədəf seçir, onların yaşadıqları ünvanlara kuryerlər göndərərək vəsaitləri nağd və ya onlayn formada ələ keçirməyə çalışırlar.
Bu kimi halların qarşısının alınması üçün vətəndaşlara tövsiyə olunur ki, daxil olan zənglər üzrə verilən məlumatları mütləq yoxlasınlar, tanımadıqları şəxslərə və ya şübhəli zənglərə inanaraq pul göndərməsinlər, şübhəli hallarla üzləşdikdə dərhal 102 Zəng Mərkəzinə müraciət etsinlər.
"Daxili İşlər Nazirliyi vətəndaşları diqqətli olmağa və belə dələduzluq cəhdlərinə qarşı xüsusilə həssas davranmağa çağırır", - məlumatda qeyd edilib.