Alış-verişdən sonra verilən qəbzlər zəhərlidir? Bu haqda bu gün, 10 may tarixində Bakuplus.az ATV-ya istinadən xəbər verir.
Mağazalardan verilən çekləri insanlar uzun müddət özlərində, ya da evlərində saxlayırlar. Lakin sözügedən qəbzlərin üzərindəki yazılar zərərli maddələrdən hazırlanır və insanlara zərər verir.
“Əvvəllər olurdu, yadımnan çıxırdı, qalırdı. Amma son zamanlarda daha tez müddətdə vurub kağızı da tullayıram. Zərəri barədə heç bir məlumatım yox idi”, – deyə sakinlər bildiriblər.
Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynovdan verilən məlumata görə, kassa aparatlarında istifadə olunan termokağızların hazırlanmasında bisfenol istifadə olunur. Həmin maddə insanların həyatlarına təhlükə yaradır.
“Bisfenol insan əli ilə təmasda olarsa, onun miqdarı 10 dəfə artır və endokrin sisteminə təsir edə bilər. Bu, insanları sonsuzluğa, həmçinin xərcəng xəstəliyi kimi ciddi xəstəliklərə gətirib çıxara bilər. Onlara toxunan kassirlər mütləq əlcəklə işləməlidirlər”, – deyə E.Hüseynov qeyd edib.
ABŞ-nin Milli Toksikoloji Proqramının ekspertlərinin illər öncə keçirdikləri təcrübənin nəticələrinə əsasən, həmin maddə bir sıra xəstəliklərə, o cümlədən prostat və süd vəzi xərcənginə yol açır. Hazırda termokağızlarda istifadə olunan bisfenol maddəsinin nisbəti 1-1,2%-dir.
Bisfenola eyni zamanda bir çox çap məhsullarından, eləcə də ödəniş terminallarından çıxan qəbzlərdə də rast gəlmək mümkündür. Dünyada bu maddə bəzən antioksidant kimi də istifadə olunur.
Bundan əlavə, bu maddədən plastik qablarda da istifadə olunur. Çənlərdə uzun müddət qaldıqda suya diffuziya edə bilir və insan orqanizmi üçün təhlükə yaradır.