Ölkədə daha 20 uşaq yeni ailəyə qovuşub. Bu haqda bu gün, 22 iyun tarixində Bakuplus.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən məlumat verir.
Qəyyumluğa götürülən uşaqların 5-i oğlan, 15-i qızdır. Onlardan 10-u Bakıda, 10-u isə rayonlarda olan himayədar ailələrə veriliblər.
Himayədar ailələrə himayəyə götürdükləri 6 yaşadək uşağa görə 355 manat (əlilliyi müəyyən edilmiş uşaq olduqda 395 manat), 7-13 yaş arası uşağa görə 375 manat (əlilliyi müəyyən edilmiş uşaq olduqda 415 manat), 14-18 yaş arası uşağa görə 395 manat (əlilliyi müəyyən edilmiş uşaq olduqda 435 manat) aylıq müavinət verilir.
Əlavə olaraq uşaqlara mövsümi geyim alınması üçün həmin ailələrə hər rübdə bir dəfə hər uşağa görə 200 manat birdəfəlik müavinət təyin edilir.