Badamdar qəsəbəsi - 20-ci sahə marşrutu üzrə hərəkət edən avtobuslar artıq 5 ildir ki, Badamdar yolundan istifadə etmir. Bu haqda bu gün, 8 avqust tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən məlumat verir.
Bundan əvvəl 10 dəqiqəyə gedilən məsafəni indi alternativ yollarla 40-45 dəqiqəyə getmək olur.
Badamdar yamacında sürüşmə baş verdiyinə görə yolda hərəkət tamamilə dayandırılmışdı. Lakin 6 ay öncə yolda təmir aparılıb, yol istismara verilib. Minik və yük avtomobilləri atrıq yoldan sərbəst istifadə edirlərsə, avtobus xətləri hələ də bu yoldan keçmir.
Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirildi ki, Badamdar - 20-ci sahə yolunda aparılan işlər tam yekunlaşıb. Avtobusların hərəkəti isə qurumun səlahiyyətində deyil.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) isə bu istiqamətdə müvafiq işlərin aparıldığını bildirib.
“Bir neçə il əvvəl baş verən torpaq sürüşməsi ilə əlaqədar Badamdar - 20-ci sahə və əks istiqamətdə hərəkət edən 53 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkəti alternativ yollardan keçməklə təşkil edilib. 53 nömrəli müntəzəm marşrutda avtobusların əvvəlki xətti üzrə hərəkətinin təşkili istiqamətində iş aparılır”, - qurumdan bildirilib.