Paytaxtda dilənçiliklə məşğul olan qızlar sığınacağa yerləşdiriliblər. Bu haqda bu gün, 22 iyul tarixində Bakuplus.az “Təmiz dünya” Qadın və Uşaq Sığınacağının sədri Mehriban Zeynalovaya istinadən məlumat verir.
Zeynalovanın sözlərinə görə, valideynləri spirtli içki aludəçisi olan 4 qız evə pul gətirmək üçün dilənməyə məcbur edilib.
“Qızlar məktəbdən çıxarılıb,yalnız pul mənbəyi kimi onlardan istifadə edilib. Yaxşı bir hal odur ki, artıq yanımızdadırlar və gələn il məktəbə başlamaları üçün qızların sənədlərini hazırlayırıq. Böyük bacılarını keçmiş müəllimələri himayəyə götürüb və dəstək göstərir. Digər 3 qız isə yanımızda qalacaq”, - təşkilatın sədri paylaşımda bildirib.
Paylaşıma yazılmış şərhlərdə artıq qızları məktəbə hazırlamağa kömək etməyə hazır olan vətəndaşlar da var.