Bakıda ictimai nəqliyyatda nağdsız ödəniş sisteminə keçdikdən sonra müvafiq kateqoriya vətəndaşlar üçün güzəştli gediş haqqı, eləcə də aylıq və illik gediş-gəliş biletləri tətbiq oluna bilər. Bu barədə bu gün, 4 iyul tarixində Bakuplus.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən məlumat verir.
"Müxtəlif əhali qrupları - tələbələr, təqaüdçülər və digər sosial qruplardan olan şəxslərə ictimai nəqliyyatda güzəştli gediş haqlarının, həmçinin illik və aylıq ödənişlərin tətbiqi üçün xüsusi infrastruktur qurulmalı, nağdsız ödənişlərə keçid tam təmin edilməlidir.
Hazırda sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər görülməkdədir”,- deyə qurumdan bildirilib.
Hazırda paytaxtda fəaliyyət göstərən 2000 avtobusdan 1824-ü nağdsız ödəniş üçün avadanlıqla təchiz olunub.