Bakının Hökməli-Qobu yolu boyunca zibil qutuları tapmaq mümkün olmur. Bu haqda bu gün, 1 dekabr tarixində Bakuplus.az Space News-a istinadən xəbər verir.
Ərazidə zibil qutuları olmadığından sakinlər zibilləri yolun kənarına atmalı olurlar. Bu səbəbdən zibillər yığılır, antisanitar vəziyyət yaranır və ərazini üfünət bürüyür.
Sakinlərin sözlərinə görə, Hökməli dairəsindən Lökbatan qəsəbəsinin girişinə qədər zibil yeşiyi yoxdur və buralar xəstəlik mənbəyinə çevrilir.
“Biz çölə çıxıb hava da ala bilmirik, çünki buranı pis qoxu bürüyür. Artıq 12 gündür ki, ərazidən zibil yığışdıran yoxdur”, – deyə sakinlər şikayət edirlər.
Vətəndaşlar artıq bir neçə dəfə aidiyyəti qurumlara müraciət etsələr də, problem öz həllini tapmır.
Hökməli Balədiyyəsinin rəsmisi Mehdi Məmmədov: “Burada əvvəllər zibil yığışdırılırdı, lakin sakinlər xidmət haqqını ödəmədiklərinə görə təmizlik işləri dayandırılıb. 200 nəfərdən yalnız 5-i ödəniş edir. Bu da kifayət etmir”.