Paytaxtın Sabunçu rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsində kanalizasiya problemi yaşanır. Bu haqda bu gün, 3 mart tarixində Bakuplus.az Real TV-yə istinadən xəbər verir.
Təxminən 300 m uzunluğunda olan küçədə xeyli sayda yaşayış evləri var. Qonşu küçələrə kanalizasiya sisteminin çəkilməsinə baxmayaraq, bu küçə yaddan çıxıb. Kanalizasiya sistemi də olmadığından sakinlər evlərinin arxasında quyu qazmağa məcbur olurlar. Həmin quyuları hər dəfə boşaltmaq isə baha başa gəlir.
“23 ildir kanalizasiyadan əziyyət çəkirik. Ərizə yazmışıq, ancaq heç kim addım atmır”, - deyə sakinlər şikayət edirlər.
“Azərsu”dan məsələ ilə bağlı bildiriblər ki, sözügedən küçədə kanalizasiya sisteminin quraşdırılması planlaşdırılır. Tikinti işləri mərhələli şəkildə aparılacaq.