Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Qobu Park 2” yaşayış massivinin sakinləri içməli suyun olmamasından narazıdırlar. Bu haqda bu gün, 3 mart tarixində Oxu.az məlumat verib.
Sakinlər qeyd edir ki, artıq 4 gündür səhər saat 09:00-dan axşam saat 22:00-a qədər içməli su verilmir. Bəzi günlər isə su gecə saatlarından səhər saat 06:00-a kimi kəsilir. Vətəndaşların aidiyyəti qurumlara müraciət etmələrinə baxmayaraq, suyun verilişində fasilələr davam edir.
“Azərsu” ASC-dən bildirdilər ki, problem qısa müddətdə həll olunacaq: “Hazırda içməli su qrafikə uyğun verilir. Sabahdan etibarən rayona mütəmadi olaraq fasiləsiz içməli suyun verilməsi təmin ediləcək”.