Bakının “YARAT” Müasir İncəsənət Mərkəzində dekabrın 4-də “Müqəddəsəm ya Günahkar?” tədbiri təşkil olunacaq. Bu haqda bu gün, 29 noyabr tarixində Bakuplus.az məlumat verir.
Sənədli sərgi, incəsənət performansı və panel müzakirədən ibarət olan tədbir “Dünyanı Narıncıya Boya – qadın və qızlara qarşı gender əsaslı zorakılıqla mübarizə naminə” 16 günlük qlobal aktivizm kampanyası çərçivəsində keçirilir.
Görüş İsveç və Böyük Britaniya səfirlikləri, “YARAT” Müasir İncəsənət Mərkəzinin dəstəyi və “Gender Hub Azərbaycan” tərəfindən təşkil olunacaq.
Tədbirin proqramı:
18:30-19:00: Giriş və qeydiyyat;
19:00-19:40: Sənədli sərgiyə baxış;
19:40-19:55: Performans;
20:00-20:15: Açılış nitqləri və panel müzakirə;
21:00-21:15: Bağlanış.
İncəsənət vasitəsilə ziyarətçilərdən cəmiyyətdə qadınlara qarşı stereotiplər, davranışlar və münasibətlər sorğulanacaq.
Görüşdə iştirak etmək üçün qeydiyyatdan keçmək mütləqdir.