Bakının mərkəzində, Nizami küçəsində yeni açılmış “Garden” restoranında qəlyan tüstüsü sakinlərin narahatlığına səbəb olub. Bu haqda bu gün, 4 dekabr tarixində Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.
Ərazidə yaşayanlar tüstünün yaşlı, xəstə sakinlərə zərər yetirdiyini vurğulayıblar. Bu səbəbdən onlar Səbail Rayon İcra Hakimiyyətinə (RİH) kollektiv sürətdə sorğu ünvanlayıblar. Sorğu ilə əlaqədar aidiyyəti qurumların, sakinlərin və restoran icarədarının iştirakı ilə sözügedən ünvana yerində baxış keçirilib və aidiyyəti qurumlara məlumat verilib.
Hadisə yerinə cəlb olunan Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin (DETX) əməkdaşaları restoranda qaz-toz tutucu qurğunun quraşdırılmadığı səbəbindən atmosfer havasına normadan artıq tullantının atıldığını müəyyən ediblər.
“Faktla bağlı obyektin sahibi barəsində akt tərtib olunub və hazırda cərimələnməsi, eyni zamanda restoranda təmizləyici qurğunun quraşdırılması məqsədilə inzibati tədbirlər görülür”, – deyə xidmətdən bildirilib.