Milli İncəsənət Muzeyində Xalq rəssamının fərdi sərgisi baş tutacaq. Bu haqda bu gün, 6 dekabr tarixində Bakuplus.az Mədəniyyət Nazirliyinə istinadən xəbər verir.
“Şöhrət” ordenli Tofiq Ağababayevin 95 illik yubileyi münasibətilə “Zamanla dialoq” adlı fərdi sərgi açılacaq. Tədbirdə rəssamın yaradıcılığının müxtəlif dövrlərində ərsəyə gətirdiyi 50-yə yaxın sənət əsəri nümayiş olunacaq.
Burada “Şah İsmayıl Xətai”, “General Əliağa Şıxlinski”, “Məhəmməd Füzuli”, “İlyas Əfəndiyev”, “Rasim Babayev”, “İzzət Orucova” kimi dövlət, ədəbiyyat, incəsənət və elm xadimlərinə həsr edilmiş portretlər, Abşeron mənzərələri, folklor motivli tablolar, “Azərbaycan lirikası” keramik triptixi, plastik forma və təsvirin ahəng yaratdığı digər şüşə və keramika məmulatları nümayiş olunacaq.
Tofiq Ağababayevin fərdi sərgisi 8 dekabr 2023-cü il - 10 yanvar 2024-cü il tarixləri arasında davam edəcək. Ünvan: Niyazi küçəsi, 9/11.