Nəsimi rayonu, Möhsün Sənani, 106 ünvanında yaşlı kişinin döyülməsi ilə bağlı təfərrüatlar məlum olub. Bu haqda bu gün, 9 iyul tarixində Bakuplus.az Baku TV -yə istinadən xəbər verir.
Zərərçəkən Elmir Əlizadənin sözlərinə görə, hadisə gecə saatlarında, futbol matçından sonra baş verib. O, səslər eşidərək evdən çıxıb və qonşu həyətə keçib:
"Aprel ayının 27-də də həmin şəxslə eyni problemlər yaşadıq. Yaxınlaşıb dedim: "Keçəndəfəki bəs etmədi, yenə səs salırsan?" Daha sonra başladılar mənə hücum etməyə. Qadının biri hamilə idi. "Məni vurmusan", – deyə qışqırmağa başladı. Evə qalxmaq istəyəndə yolumu kəsib köynəyimi cırdılar və mənə hücum etdilər", – deyə o qeyd edib.
Daxili İşlər Nazirliyindən bildirilir ki, şübhəli bilinən 39 yaşlı Valeh Rəhmanov polis şöbəsində dəvət olunub və onun izahatı alınıb. Araşdırmalar davam edir.