Bəzi sürücülər müəyyən ünvana mobil tətbiq vasitəsilə gedirlər, bu da bəzən onları yolda vurulan nişanların əks-istiqamətində getməyə aparıb çıxarır. Nəticədə naviqatorla hərəkət edən sürücülər cərimələnirlər. Bu haqda bu gün, 2 dekabr tarixində Bakuplus.az ARB Media-ya istinadən məlumat verir.
Belə misalların biri Səbail rayonu Dağüstü parkdan üzü Bayıl istiqamətinə gedən yola aiddir. Bu ərazidə, demək olar ki, hər gün cərimələnənlər olur. Xüsusən də naviqatordan istifadə edənlərin ərazidə xidmət aparan yol polisi ilə qarşılaşması qaçılmaz olur. Bəziləri naviqator səhvini yüngülləşdirici hal hesab etsə də, bu, qayda pozuntusuna haqq qazandırmır.
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov də bu şərtlə razıdır. Onun sözlərinə görə, sürücü yol hərəkət qaydalarını, nişanların, işıqforun, nişanlama xətlərin və digər texniki vasitələrin tələblərini nəzərə alaraq hərəkət etməlidir. Onlardan kənara çıxdısa, artıq qayda pozulmuş sayılır.
İnspektor Rüstəm Əhmədli də bunu təsdiqləyir: “Bir daha bildirmək istəyirik ki, sürücülər tərəfindən bu cür yol hərəkəti qaydalarının pozulması halları onlara inzibati məsuliyyətdən boyun qaçırmağa imkan vermir. Ən əsas məsələ odur ki, bu cür yol hərəkəti qaydalarının pozulması halları ən çox yolun “giriş qadağandır” hissəsinə aparıb çıxarır. Bu cür hallarda həmin sürücülər 80 manat məbləğində cərimə ilə inzibati məsuliyyətə cəlb olunurlar.