Paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsi, Çiləgər Xanlar massivində yüzlərlə ev neft bataqlığında yerləşir. Bu haqda bu gün, 22 sentyabr tarixində Bakuplus.az ARB Xəbər-ə istinadən məlumat verir.
Mövcud təhlükəyə baxmayaraq, mazutla yararsız hala düşən bu torpaqlara maraq olduqca yüksəkdir: torpağı satan da var, alan da.
Ərazidə torpağın müxtəlif hissələri fərqli insanlara satılıb. Müəyyən qədər iş də gedir, tikinti də aparılır. Böyük bir neft batağlığı və bu neft bataqlığının həmin evlərin həyətinə axmaması üçün insanlar özləri torpaq səddi çəkiblər. Buna baxmayaraq, evilərn qarşısındakı müəyyən hissələrdə neftin sızdığını görmək olar.
Bataqlığın bir neçə metrliyində torpaq alan bəzi insanlar sonradan müəyyən qədər tikinti işləri aparıb və başa düşüblər ki, burada ev inşa etmək mümkün deyil. Verdikləri pulu da geri ala bilmiyəcəklərinə görə tikdikləri bu yarımtikilinin üzərinə “Satlır” sözü yazıblar.
“Təhlükəli ərazidə torpağı sizə kim satır?” sualına cavablar belə oldu: “Bələdiyyə satıb. 5 min manat vermişik torpağa görə”; “Biz bunu bələdiyyədən almışıq, sotunu 500 manatdan almışıq. Bizə etibarnamə verilib”.
Bələdiyyədən isə deyildi ki, onların torpaq satmaq kimi səlahiyyəti yoxdur.
Sabunçu Rayon İcra Hakimiyyətindən (RİH) isə bildirildi ki, ərazi onlara aid olsa da, hazırda idarəçilik Abşeron RİH-dədir.
Sonuncunun cavabı isə belə oldu: “Çiləgər Xanlar massivi həqiqətən Sabunçu RİH-nin inzibati ərazisinə aiddir. Abşeron RİH isə həmin ünvanda heç bir vətəndaşın tikinti aparmasına icazə vermir”.