Bakının Xəzər rayonu, Qala qəsəbəsinin eyniadlı küçəsində yaşayan sakinlərin evləri nəmişlikdən dağılır. Divarlara vurulan suvaq qopub, bir neçə yerdə çatlar əmələ gəlib. Bu haqda bu gün, 25 oktyabr tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.
Sakinlərin sözlərinə görə, eyni vəziyyət evlərin əksəriyyətində müşahidə olunur. Yağış yağanda isə vəziyyət daha da çətinləşir. Aidiyyəti qurumlara dəfələrlə müraciətlər göndərilsə də, problemin həlli tapılmır.
“Azərsu” ASC-dən bildirilib ki, ərazidə aparılan lokal xarakterli tədbirlər nəticə verməyib. Problemin əsaslı həlli ilkin mərhələdə magistral kanalizasiya kollektorunun, növbəti mərhələdə isə toplayıcı şəbəkənin inşası ilə mümkündür. Bununla bağlı müvafiq sənədlər hazırlanıb, qəsəbədə mərkəzləşdirilmiş kanalizasiya sistemlərinin inşası qurumun tədbirlər planına uyğun mərhələli şəkildə həyata keçiriləcək.