Bakının Qaradağ rayonunda - Salyan yolunun 22-ci kilometrliyində nə avtobus dayanacağı, nə də piyada keçidi var. Bu haqda bu gün, 29 iyul tarixində Bakuplus.az Baku TV-yə istinadən məlumat verir.
Qaradağ Qaz Emalı Zavodunun işçiləri hər gün magistral yolu keçərək həyatlarını riskə atdıqlarından, burada dayanacaq olmadığından uzun məsafə qət etmək məcburiyyətində qaldıqlarından şikayətlənirlər. Bu ərazidə dəfələrlə yol-nəqliyyat hadisələrinin piyadaların xəsarət alması, hətta ölümü ilə nəticələndiyi vurğulanıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, Qaradağ Qaz Emalı Zavodunun 200 metrliyində avtobus dayanacağı var.
“Yolun əks-istiqamətində dayanacaq məntəqəsinin yaradılması üçün yolda piyada keçidi olmalıdır. Ərazidə müxtəlif səviyyəli yeraltı və yerüstü keçidin təşkili üçün aidiyyəti quruma müraciət olunmalıdır. Daha sonra yolun əks-istiqamətindəki dayanacaq məntəqəsinin yaradılması məsələsinə baxıla bilər”, - deyə o qeyd edib.