Sabunçu rayonu, Şəhər şosesi, Döngə 1 ünvanında qaz borusunu kustar üsulla təmir ediblər. Bu haqda bu gün, 17 yanvar tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.
Adıçəkilən ərazidə qaz borusunda qəza baş verib. Hadisə yerinə cəlb olunan “Azəriqaz”ın əməkdaşları təmir işlərini qeyri-adi üsulla ediblər. Belə ki, borunu skoçla sarıyıblar. Bu da sakinlərin narazılığına səbəb olub.
“Neft borusunun düz yanındadır. Biri siqaret atsa, uşağımız, evimiz yanacaq. Vəziyyət çox təhlükəlidir. Nə qədər demişik, baxan yoxdur”, – deyə sakinlər şikayət edirlər.
“Azəriqaz”dan məsələ ilə bağlı bildiriblər ki, əməkdaşlar yaxın zamanda problemi həll edəcəklər.
Həmçinin əlavə olunub ki, həmin ərazidə iriqabaritli avtomobillərin intensiv hərəkəti səbəbindən qaz boruları tez-tez zədələnir.