Yasamal rayonu, Tbilisi prospektində, “20 Yanvar” metro stansiyası yaxınlığındakı piyada səkisində metal konstruksiya quraşdırılıb. Sakinlər deyirlər ki, on günə yaxındır səkidə qoyulan dəmirlərin kimlər tərəfindən və nə üçün quraşdırıldığı məlum deyil. Bu haqda bu gün, 10 noyabr tarixində Bakuplus.az ARB Xəbər-ə istinadən məlumat verir.
Ərazidə yaşayanlar deyirlər ki, axşam saatlarında qaranlıqda səkidəki maneəni görmək çətin olur, bu da təhlükə yaradır.
Cavabdeh quruma Yerüstü Nəqliyyat Agentliyindən cavab verilib ki, sakinlərin istəyinə əsasən, həmin hissədə avtobus dayanacağı quraşdırılacaq. Dəmir konstruksiya da pavilyonun təməlidir. Yaxın günlərdə işlər yekunlaşacaq.
O ki qaldı mövcud vəziyyətin piyadaların hərəkətinə törətdiyi çətinliyə, qurumdan deyildi ki, mütəxəssislər əraziyə baxış keçiriblər və aparılan hesablamalardan sonra dayanacaq pavilyonu üçün ən uyğun yer seçilib.