Bakının Xətai rayonunun Neapol küçəsindəki “zebra” tipli piyada keçidində xüsusi düymə ilə idarə olunan işıqforda nasazlıq yaranıb. Bu haqda bu gün, dekabrın 2-də Bakuplus.az ATV News-a istinadən xəbər verir.
Sözügedən ərazinin bir tərəfində piyadalarla tənzimlənən işıqforun düyməsi işləmir. Bu səbəbdən yolun həmin tərəfində dayanan vətəndaşlar yolu keçmək üçün kiminsə digər tərəfdən düyməni basmasını gözləməyə məcbur olurlar.
Sakinlərin sözlərinə görə, düymənin basılacağını gözləyənə qədər məktəblilər dərsə, digərləri isə lazım olan yerə gecikirlər. Avtomobillər üçün qırmızı işıq yanmasa, sürücülər yol vermirlər.
Həmin məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentlliyi (AYNA) bildirib ki, mövcud problemin qısa zamanda aradan qaldırılması üçün lazımi tədbir görüləcək.