Xətai rayonunda yerləşən bağçanın həyəti zibillik içindədir. Bu haqda bu gün, 16 aprel tarixində Bakuplus.az ATV-yə istinadən xəbər verir.
Adıçəkilən rayonda olan 208 saylı bağçanın ətrafı zibil poliqonuna çevrilib. Sakinlərin sözlərinə görə, artıq bir neçə gündür ki, bağçanın ətrafındakı məişət tullantıları daşınmır. Nəticədə antisanitariya vəziyyəti yaranıb və ərazi küçə heyvanlarının məskəninə çevrilib.
“Qıraqdan gəlirlər, tullayıb gedirlər. Körpə uşaqlarımız keçir buradan”, – deyə sakinlər bildirirlər.
Bağçanın müdiriyyəti məsələ ilə bağlı bildirib ki, bağçada tikinti işləri aparılır, zibillər də həmin tikintidən yaranıb.
“Bayrama düşdü deyə təmizləyə bilmədik. Yaxın zamanda məsələ həll olunacaq”, – deyə bağçanın nümayəndəsi qeyd edib.