Bakının Xətai rayonunda yerləşən Laçın rayonu Kamallı kənd 4 nömrəli tam orta məktəbinin şagirdləri bərbad şəraitdə təhsil alırlar. Bu haqda bu gün, 7 oktyabr tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.
Məktəbin nə darvazası var, nə də mühafizəsi. Ətrafda yaşıllıq olsa da, həyət tullantılarla doludur. Binanın sinif otaqları, dəhlizi, sanitar qovşağı illərlə təmir edilməyib. 50 illik binada 120 məktəbli oxuyur.
Məktəbin direktoru Şahmar Məmmədovun sözlərinə görə, Kamallı kənd orta məktəbi əvvəllər Ağcabədidə yerləşirdi. 2013-cü ildən Bakıya köçürülüb. Dəfələrlə öz vəsaitləri hesabına məktəbin həyətini təmizləsələr də, yaxınlıqda yaşayan sakinlər zibili məhz buraya atırlar.
Məktəb yalnız içməli su ilə təmin olunub. Şahmar Məmmədov deyir ki, bu təhsil ocağında istilik problemi yoxdur, sadəcə təmirə ehtiyacı var. Təmirə cavabdeh qurumlar isə hələ də heç bir tədbir görməyib.