Xətai rayonunun Əliağa Şıxlinski, 37k ünvanında sakinlər üçün “yarımtikili” inşa olunub. Bu haqda bu gün, 23 fevral tarixində Bakuplus.az ARB-yə istinadən xəbər verir.
Sakinlərin sözlərinə görə, 2017-ci ildə inşa olunan binada mənzil alınanda onlara bir çox vədlər veriblər, ancaq indi nə liftləri var, nə parkları, nə də düzgün kommunal xətləri mövcuddur.
“3 ildən çoxdur ki, bu liftin dəmirini yalandan gətirib tullayıblar bura. Elektrik işi hamısı açıq vəziyyətdədir. Mənzil 117 kv.m adı ilə satılıb, əslində isə 100 kv.m-dir. Şəxsən mənim özümdən çıxarış üçün 3500 AZN pul istəyirlər. Müqavilədə var ki, kupça, su, liftlə təmin olunacaqlar. Nə komendantı, nə yiyəsi, nə sahib duran adamı var”, - deyə sakinlər şikayət edirlər.
Bundan əlavə, vəd olunmuşdu ki, binanın altında parklanma yeri olacaq, ancaq ora da yarımçıq qalıb və narkomanların yuvasına çevrilib.
Sahibkar Həsən Yaqubov ilə əlaqəyə keçmək mümkün olmadı. Sakinlər qurumlara şikayət etsələr də, heç kim məsələni həll etmir.