YARAT İncəsənət Mərkəzində 2 yeni sərgi açılır. Bu haqda bu gün, 2 dekabr tarixində Bakuplus.az mədəniyyət ocağına istinadən xəbər verir.
Belə ki, mərkəzdə 6 Azərbaycan rəssamının "Yoxlanılıb, mina yoxdur!" və gürcü rəssamların əsərlərindən ibarət "Ekinoks" qrup sərgiləri baş tutacaq.
Əsərlər postmünaqişə dövrünün həssas sülh mövzusundan bəhs edərək, daha fundamental mədəni, sosial və ekoloji məsələlərə fokuslanır. Ekspozisiya Xanlar Qasımov, Orxan Hüseynov, Elturan Məmmədov, Kamilla Muradova, Vüsal Rəhim və Sabina Şıxlinskayanın performans, videoinstalyasiya və qrafika əsərlərini bir araya gətirir. Sərginin kuratoru Fərəh Ələkbərlidir.
"Ekinoks" sərgisi işıq və qaranlığın qarşılıqlı əlaqəsini təsvir etməklə dualist prinsip üzərində qurulub. Sərgi gürcü rəssamları Qia Edzqveradze, Tamara K. E., Luka Lazar, Konstantin Mindadze, Koka Ramişvili, Andro Semeyko və Levan Sonqulaşvilinin son illərdə ərsəyə gətirdikləri əsərlərini cəmləşdirir.
Sərgilər 7 dekabr 2023-cü il - 27 aprel 2024-cü il tarixləri aralığında baş tutacaq.