Yasamal rayonunda bina yanğından sonra təhlükə saçır. Bu haqda bu gün, 4 iyul tarixində Bakuplus.az İctimai TV-yə istinadən xəbər verir.
Bina rayonun İnşaatçılar prospektində yerləşir. Beşmərtəbəli tikilidə bir neçə gün əvvəl yanğın baş vermişdi. İndi isə tikilinin fasadı və damı tökülməyə başlayıb. Bu da buradan keçən sakinlər üçün təhlükə yaradır.
“Yağış yağanda içəri su damır, binanın fasadı isə tökülür. Özüm şahid olmuşam. Bina əsaslı təmir olunmalıdır”, - deyə sakinlər şikayət edirlər.
Mənzil Kommunal Təsərrüfatı Birliyinin ərazi üzrə mühəndisi əraziyə yaxınlaşaraq hazırda binada işlərin aparıldığını bildirib.
“Hazırda binanın çardaq hissəsində bir neçə gündür təmir işləri aparırıq. Yanmış materiallar oradan daşınır. Bugünkü gün yuxarıda yerə uçaçaq bir material qalmayıb. Var, amma qismən götürmüşük”, - deyə o əlavə edib.
Digər rəsmi qurumlar isə məsələ barədə heç bir açıqlama verməyib.