Bakının Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov, 2 ünvanında gecə vaxtı tikinti işləri dayanmır. Bu haqda bu gün, 26 oktyabr tarixində Bakuplus.az ATV-yə istinadən xəbər verir.
Sözügedən ərazidə yaşayan sakinlər şikayət edirlər ki, 1 aydır gecə vaxtı tikintidə olan texnikaların səsindən yatmaq mümkün olmur. Ya betonqarışdıran maşın işləyir, ya da yük maşını gəlib, yükləri boşaldır.
“Qlobal-SF” MMC adlı MTK-dan bildirilir ki, onlara gecə saatlarında işin aparılmasına icazə verilib.
“Maşınları axşam 10-dan tez buraxmırlar. Betonu da səhərəcən vurmalıyam. Hər yerdə elədir. Mən 300 kub beton verirəm, onu 2 saata necə verim?” – deyə özünü MTK-nın müdir muavini kimi təqdim edən Seyran Məmmədov məlumat verib.
Tikinti üzrə ekspert Ramil Osmanlı məlumat verib ki, sakinlərin istirahətinin pozulmasına görə cərimələr nəzərdə tutulub. Lakin məbləğlər tikinti şirkətləri üçün böyük rəqəm deyil. Buna görə də tikinti şirkətləri şikayətləri nəzərə almayacaq.
Daxili İşlər Nazirliyindən məsələ ilə bağlı araşdırma aparılacağı vurğulanıb.