Yasamal rayonunda irigövdəli ağac təhlükə saçır. Bu haqda bu gün, 3 noyabr tarixində Bakuplus.az ARB Xəbər-ə istinadən məlumat verir.
Söhbət rayonun Mirəli Seyidov küçəsindən gedir. Belə ki, beşmərtəbəli binanın qarşısında, məhəllədə iri ağac əyilərək birbaşa qaz borusunun üzərinə söykənib. Sakinlər bu haldan ciddi narahatlıqlarını bildirirlər.
“Çox qorxuruq. Allah göstərməsin, nəsə olsa, heç qazı haradan bağlamaq lazımdır, onu da bilmirik”, – deyə sakinlər qeyd ediblər.
Onların sözlərinə görə, şikayətdən sonra müvafiq qurumların əməkdaşları budanma işləri aparıblar. Ancaq ağac yenə əyilərək boruya dirənib.
Ekologiya Nazirliyindən məsələ ilə bağlı bildirilib ki, ağac kəsilməyəcək, ancaq budanma işləri aparılacaq və ərazi nəzarətdə saxlanılacaq.