Suraxanı rayonunun Zığ qəsəbəsində sürüşmə səbəbindən sakinlər evlərindən didərgin olublar. Bu haqda bu gün, 1 fevral tarixində Bakusplus.az ARB-yə istinadən xəbər verir.
Sürüşmənin aktiv olduğu ərazidə evlərin əksəriyyətində iri çatlar əmələ gəlib, tikililər qəzalı vəziyyətə düşüb. 150-yə yaxın ailə artıq 3 ildən çoxdur ki, kirayədə yaşamaq məcburiyyətindədir.
“Kirayə pulunu ya gecikdirirlər və ya baha olur, cibimizdən ödəməli oluruq. Hara gedək, bilmirik”, – deyə sakinlər şikayət edirlər.
Evdən çıxarılan sakinlər isə yalnız evləri uçan vətəndaşlardır. Digərləri öz evlərində qorxa-qorxa yaşayırlar.
Suraxanı RİH-dən verilən məlumata əsasən, vəziyyət müvəqqətidir. Sakinlər yeni evlərə köçürüləcəklər. Ancaq dəqiq tarix məlum deyil.