Bakılı qadın boksçu Aynur Rzayeva dünya çempionatında yarımfinala yüksəlib. Bu haqda bu gün, 23 mart tarixində Bakuplus.az Boks Federasiyasına istinadən xəbər verir.
Hindistanın paytaxtı Nyu Dehlidə keçirilən turnirdə idmançımız 1/4 finalda Yeni Zelandiya təmsilçisi Selin Li-Lonuya 5:0 hesabı ilə qalib gələrək ən azı bürünc medalı təmin edib. Təmsilçimiz yarımfinalda qazaxıstanlı Lazzat Kunqeybayeva ilə döyüşəcək.
Rzayeva mundiallarda yarımfinala qədər irəliləyən ilk azərbaycanlı qadın boksçu olub. O, həmçinin qələbəsi ilə 9 illik uğursuz seriyaya da son qoyub.
Qeyd edək ki, A. Razayeva 13 sentyabr 1989-cu ildə Bakıda anadan olub. Bu günə kimi bir sıra turnirlərdə, beynəlxalq idman yarışlarında iştirak edib. 2016-cı ildə Sofiyada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.