Bakıda “Mercedes Gelandewagen” markalı avtomobilini satmaq istəyən şəxs dələduzluqla üzləşib. Bu haqda bu gün, 2 noyabr tarixində Qafqazinfo məlumat verib.
Paytaxt sakini, 40 yaşlı M.Bayramov Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edərək “Dubai Cars” mağazasında satışa çıxardığı “Mercedes Gelandewagen” markalı avtomobilinin 410 min manata satıldığını, lakin onun bu pulu almadığını bildirib.
O bildirib ki, bir müddət əvvəl salonun adını xatırlamadığı satıcısı 90-MB-900 dövlət qeydiyyat nişanlı avtomobilini digər şəxsə sataraq pulu mənimsəyib.
Baş Polis İdarəsinə daxil olmuş müraciət aidiyyəti üzrə Binəqədi Rayon Polis İdarəsinə göndərilib. Faktla bağlı araşdırmalar aparılır.
Qeyd olunur ki, sosial şəbəkələrdə müxtəlif vəzifəli şəxslərin avtomobillərinə 90-MB-900 dövlət qeydiyyat nişanının quraşdırılmasını əks etdirən çoxsaylı görüntülər yayılır.