Bakıda gizli sexlərdə saxta spirtli içkilər hazırlayaraq və gecə klublarında tədəvülə buraxaraq satış şəbəkəsi quran daha bir mütəşəkkil dəstə peyda olub. Bu haqda bu gün, 5 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə əməliyyat keçirilib. Nəticədə dəstənin üzvləri - Emil Həsənov, Elçin Mirzəyev, Mikayıl Abbasov, Cahid Şahbazov, Rasim Nuriyev, Neman Abdullayev, Tərxan Kəlbiyev və Sərqam Orucov saxlanılıblar.
Araşdırma zamanı müəyyən olunub ki, onlar paytaxt ərazisindəki qəsəbələrdə yerləşən sexlərdə kustar üsulla viski, tekila, konyak, araq və digər növdən olan spirtli içkilər hazırlayıblar. Daha sonra Bakı şəhəri ərazisində yerləşən “Gold Baku” və “Tunel” gecə klublarının sahibləri Cahid Şahbazov və Emil Həsənov həmin müəssisələrdə müştərilərə saxta spirtli içkilərin satışını təşkil ediblər.
Müayinə zamanı məlum olub ki, bu məhsullar istehlak üçün yararsız olmaqla yanaşı, insan sağlamlığı üçün də ciddi təhlükə yaradır.
Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə mütəşəkkil dəstənin üzvləri barəsində həbs qətimkan tədbirləri seçilib.
[caption id="attachment_77891" align="alignnone" width="640"]
Foto DİN[/caption]