Tar ifaçısı Humay Qədimova İnstagram səhifəsində noyabrın 4-də Bakı-Sumqayıt yolunda yerləşən DYP-nin Ekoloji nəzarət postunda sürücüsü ilə baş verən insidentin araşdırılmasını xahiş edərək Daxili İşlər Nazirliyinə müraciət edib.
O bildirib ki, sürücüsünün idarə etdiyi avtomobili qeyd olunan postda inspektor Vüqar Cəbrayılov saxlayıb, onun sərxoş olduğunu bildirib və ondan spirtli içki testindən keçməsini tələb edib.
“Sürücüm ayıq olarkən test müsbət çıxdı. O, israrla rəsmi ekspertizaya göndərilməsini istəsə də, bu baş verməyib. Sürücülük vəsiqəsi və avtomobilin açarları götürülüb. İnspektor ona dedi ki, maşını qaytarmaq üçün 3000 manat gətirməlisən”, – Humay Qədimova deyir.
Musiqiçi qeyd edir ki, onun sürücüsünün özü Bakıdakı narkoloji tibb mərkəzlərindən birində analiz verib, bundan sonra arayışla ekologiya postuna gedib. Lakin Vüqar Cəbrayılov məhkəməyə getməli olduğunu deyib. Bir müddət sonra əməkdaşların biri sürücüyə deyib ki, bu məsələni 50 manata həll etmək olar.
“Nəticədə avtomobil geri qaytarılıb, 3 saat cərimə dayanacağında deyil, həyətlərin birində olub”, - deyə Humay Qədimova bildirib.
Daxili İşlər Nazirliyi məsələnin artıq nəzarətə götürüldüyünü vurğulayıb.