“Torqovaya” kimi tanınan Nizami küçəsində azyaşlı uşaqlara gül satdıran şəxs saxlanılıb. Bu haqda BakuPlus.az Qafqazinfo-ya istinadən bu gün, 12 noyabr tarixində xəbər verir.
Paytaxtın mərkəzində gül satan azyaşlılardan biri bilinməyən şəraitdə özünə xəsarət yetirib. Bu əsnada polis əməkdaşları uşağın kim tərəfindən istismar olunduğunu axtarmağa başlayıblar.
Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 38 yaşlı İ.Əliyevin küçədə gül satışı ilə məşğul olması məlum olub. O, yetkinlik yaşına çatmayanlara da gül satdırdığı üçün bölməyə gətirilib. Burada ona qeyri-qanuni fəaliyyətlə məşğul olduğu və azyaşlıların əməyini istismar etdiyi bildirilib.
Həmin şəxs bölmədə polislərə qarşı tabesizlik göstərərək nalayiq ifadələr işlədib.
Səbail polisi tərəfindən İ.Əliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni əmrinə tabe olmama) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə protokol tərtib olunaraq baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə o, 30 gün müddətinə həbs olunub.