18-19 dekabr tarixlərində Bakıda “Nizami Gəncəvi İli” çərçivəsində hazırlanmış “İSGƏNDƏRə yeni NAMƏ” tamaşasının premyerası olacaq. Bu haqda Mədəniyyət Nazirliyinin mətbuat xidməti xəbər verib.
Mədəniyyət Nazirliyinin dəstəyi və AzerGold QSC-nin baş sponsorluğu ilə baş tutacaq premyera Akademik Milli Dram Teatrında saat 19:00-da başlayacaq.
Tamaşanın əsas hadisələr xətti İsgəndərin əbədi həyat qazanmasından sonra baş verən faciələr, xəyanətlər, sui-qəsdlər, qanlı olaylar üzərində qurulub.
Poemadan fərqli olaraq, tamaşada Makedoniyalı İsgəndər dirilik suyunu tapıb içir.
Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, ədəbi əsasın müəllifi İlqar Fəhmi, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Nihad Qulamzadədir.