Noyabrın 16-da Bakıda Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş konsert keçiriləcək. Konsert Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında Mənəvi Dəyərlərin Təbliği Fondu və “Vineyard Azerbaijan” Xristian İcmasının təşkilatçılığı ilə təşkil olunur.
Konsert Vətən Müharibəsində Qələbə Gününə həsr olunub. Tədbirdə Dövlət Komitəsinin və Fondun rəhbərliyi, ölkənin dini icmalarının nümayəndələri, mədəniyyət və elm işçiləri, ictimai təşkilatlar iştirak edəcəklər.
Proqramın rəsmi hissəsinə dəvət olunmuş qonaqların çıxışları, həmçinin ölkəmizdəki tolerantlıqdan bəhs edən sosial çarxların və filmlərin nümayişi planlaşdırılır. Konsert proqramında tanınmış musiqiçilərin ifasında vətənpərvərlik mövzusunda mahnılar səslənəcək, müxtəlif dini kompozisiyalar və milli rəqslər ifa olunacaq.
Tədbir dini konfessiya rəhbərlərinin tolerantlıq nümunəsi kimi Azərbaycan üçün birgə duaları ilə yekunlaşacaq.