Bakıda Xalq artisti Tamilla Şirəliyevanın 75 illiyi münasibətilə konsert proqramı keçirilib. Bu haqda Azərtac 9 dekabr tarixində xəbər verib.
Tədbir Mədəniyyət Nazirliyi, Bakı Xoreoqrafiya Akademiyası (BXA) və Azərbaycan Dövlət Akademik Musiqili Teatrının təşkilatçılığı ilə baş tutub.
Konsertdə Tamilla Şirəliyevanın yaradıcılığı barədə videoçarx təqdim olunub. Daha sonra “Don Kixot” baletindən Kupidonun, Kitrinin variasiyaları, F.Kolterin “Fikirlər”, “Fironun qızı” baletindən “Neva çayı”, “Silfida” baletindən Ceymsin variasiyaları, “Şelkunçik” baletindən “Gəlinciklərin rəqsi” təqdim olunub.
Bunlardan əlavə, “Mənim Azərbaycanım” süitası, “Uzundərə” və “Azərbaycan mirvarisi” rəqsləri, “Qız qalası” baletindən Gülyanağın variasiyası, “Məhəbbət əfsanəsi” baletindən Məhmənə Banunun monoloqu da ifa olunub.