Ötən gün Bakıda Xalq artisti Yaşar Nurinin 70 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib. Tədbir Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş tutub. Bu haqda Azərtac 4 noyabr tarixində xəbər verib.
Tanınmış incəsənət xadimlərinin iştirakı ilə keçən gecədə Mədəniyyət naziri Anar Kərimov, teatrşünas-tənqidçi, professor İlham Rəhimli, vərejissor Vaqif Mustafayev Yaşar Nurinin kino və teatr yaradıcılığı haqqında fikirlərini bölüşüb, onunla bağlı xatirələrini danışıblar.
Xalq artisti Brilliant Dadaşova, əməkdar artistlər Teymur Əmrah və Aybəniz Haşımova, Yaşar Nurinin qızı Ülkər Nuriyeva da gecənin musiqili qonaqları olublar.
Gecədə Yaşar Nurinin teatr tamaşaları, filmləri və televiziya tamaşalarından fraqmentlər nümayiş olunub.
Sonda mərhum aktyorun qızı Ülviyyə Nuriyeva tədbirin təşkilinə görə Mədəniyyət Nazirliyi və Akademik Milli Dram Teatrının rəhbərliyinə təşəkkürünü bildirib.