Finlandiyada bəzi supermarketlərdə maraqlı təşəbbüs həyata keçirilir. Mağazalarda subay insanlar üçün xüsusi çəhrayı alış-veriş səbətləri yerləşdirilib. Bu səbətlər ərzaq almaqla yanaşı, yeni insanlarla tanış olmaq istəyənlər üçün də nəzərdə tutulub.
Bakuplus.az xəbər verir ki, "Sinkkukori" adlanan səbətlərin üzərində xüsusi yazı var və fin dilindən tərcümədə "subay səbəti" mənasını verir.
İdeya olduqca sadədir: mağazaya gələn şəxs adi səbət əvəzinə çəhrayı səbət götürürsə, bununla ətrafdakılara subay olduğunu və yeni tanışlığa açıq olduğunu bildirir.
Beləliklə, insanlar tanışlıq tətbiqlərindən istifadə etmədən, adi alış-veriş zamanı bir-biri ilə ünsiyyət qura bilərlər.
Tətbiq edilən bu üsul sosial şəbəkələrdə böyük marağa səbəb olub. Hətta ölkənin rəsmi turizm qurumu "Visit Finland" da bu ideyadan ilhamlanaraq xarici turistlər üçün xüsusi tanışlıq və şam yeməyi proqramı hazırlayıb.
Maraqlıdır, bəs belə təşəbbüs Bakıda da həyata keçirilə bilərmi?
Məsələn, paytaxtın böyük supermarketlərində subaylar üçün ayrıca rəngdə səbətlər yerləşdirilsə, bu, həm maraqlı sosial təşəbbüs, həm də insanlara yeni tanışlıqlar qurmaq üçün fürsət ola bilər.
Üstəlik, layihənin həyata keçirilməsi üçün xüsusi texnologiyaya və ya böyük maliyyə vəsaitinə ehtiyac yoxdur. Sadəcə fərqli rəngli səbətlər və onların nə məqsədlə istifadə edildiyini izah edən kiçik lövhələr kifayətdir.