Bu gün sevilən müğənnimiz Eyyub Yaqubovun 57 yaşı tamam olur. Bu haqda BakuPlus.az bu gün, 26 aprel tarixində xəbər verir.
Eyyub Yaqubov 26 aprel 1965-ci ildə Bakının Bayıl qəsəbəsində anadan olub. İlk təhsilini 49 saylı orta məktəbdə alıb.
1980-ci ildə o, Asəf Zeynallı adına Musiqi Texnikumunun fortepiano sinfinə daxil olub.
Texnikumda oxumaqla yanaşı, o, Əlibaba Məmmədovun rəhbərlik etdiyi "Humayun" xalq instrumental ansamblında pianoçu işləyirdi. Bu ansambl ilə o, Azərbaycanın bütün regionlarında keçirilən konsertlərdə iştirak edirdi.
Dostları və tanışları əhatəsində olarkən mahnılar oxuyan Eyyub, musiqiçilərimizin zəhmətinin layiqincə qiymətləndirilməməsini görərək müğənni olmaq qərarına gəlir.
Ən çox tanınan “Ana”, “Kor ərəbin mahnısı”, “Mənə dəniz verin”, “Unutdun”, “Kim bilir”, “Yenə o bağ olaydı” və s. mahnıların ifaçısıdır.
2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə sənətçiyə “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adı verilib.