Dekabrın 3-də Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində rəssam, rejissor Rəşad Babayevin kino gecəsi keçiriləcək. Kino Evində keçiriləcək gecədə sənətkarın müxtəlif formatlarda çəkdiyi bir neçə qısametrajlı film nümayiş etdiriləcək, müəlliflə kino dili və vizual həllər haqqında müzakirələr aparılacaq.
R.Babayevin çoxşaxəli yaradıcılıq yolu rəssamlıq, heykəltəraşlıq, kino sənəti kimi istiqamətləri əhatə edir. R.Babayevin müraciət etdiyi mövzular əsasən eynidir və o, insanların daxili həyatını dərindən tədqiq edərək onları əsərlərində əks etdirməyə çalışır.
Konseptual rəssam Rəşad Babayevin rəsmləri bir çox sərgilərin iştirakçısıdır. O, “Antonioni Bakıda” layihəsi ilə tanınır. Onun bir rəssam kimi filmləri canlı vizual həlləri və cəsarətli eksperimentləri ilə seçilir. Müxtəlif formatlarda çəkilmiş bir neçə qısametrajlı filmdən ibarət gecənin moderatoru Sevda Sultanova müəlliflə kino dili və vizual həlləri müzakirə edəcək.