Tanınmış bəstəkar, Şöhrət ordenli, Xalq artisti Tofiq Bakıxanov şəxsi əşyalarını AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verib. Bu haqda Azərtac 26 noyabr tarixində muzeydən verilən məlumata istinadən xəbər verib.
Tofiq Bakıxanov 1930-cu ildə Bakıda, görkəmli tarzən, Xalq artisti Əhməd Bakıxanovun ailəsində dünyaya göz açıb. O, Azərbaycanın məşhur alimi, tarixçi, şair və ictimai xadim Abbasqulu Ağa Bakıxanovun nəticəsidir.
O, 1973-cü ildə "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adına layiq görülmüş, 1983-cü ildə professor adı almışdır. 1990-cı ildə ona "Azərbaycan SSR xalq artisti" fəxri adı verilmişdir. 2000-ci ildə "Şöhrət" ordeni, 2021-ci ildə isə "Şərəf" ordeni ilə təltif olunmuşdur.