17 nömrəli uşaq musiqi məktəbində Xalq artisti Fatma Mehrəliyevanın 95 illiyinə həsr olunmuş tədbir keçirilib. Konsert Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə baş tutub. Bu haqda Azərtac məlumat verib.
Tədbiri məktəbin nəzəriyyə şöbəsinin müəllimi Günay Məmmədova ön sözü ilə açıb. O, xanəndənin çətin taleyindən və Mehrəliyevanın yaradıcılığının zirvəsi olan “Kəsmə şikəstə” əsərdən danışıb.
Tədbirdə xanəndənin repertuarından “Kəsmə şikəstə”, “Nazlana-nazlana”, “Azərbaycan maralı”, “Ahu kimi”, “Getmə dayan”, “Unuda bilmirəm” kimi mahnılar məktəbin xanəndə sinfinin müəllimi Sevda Xəlilova və şagirdləri tərəfindən ifa edilib.
Konserti Xalq Çalğı Alətləri Ansamblının solistləri, o cümlədən müəllimlər ustalıqla müşayiət ediblər.
Sonda Fatma Mehrəliyevaya həsr olunmuş videoçarx nümayiş olunub, qonaqlar onun səsini dinləyiblər.