Azərbaycanın Xalq artisti Yusif Eyvazov və opera divası Anna Netrebko ayrılıqdan danışıblar. Bu haqda bu gün, 27 iyun tarixində Bakuplus.az Avstriya Presse-Agentur-a (APA) istinadən məlumat verir.
"Birlikdə keçirdiyimiz on xoşbəxt ildən sonra biz ayrılmaq qərarına gəldik, biz Tiaqoya (Anna Netrebkonun əvvəlki nikahdan olan oğlu) ümumi məhəbbətlə birləşən yaxın dost olaraq qaldıq", – deyə agentlik sənətçilərdən sitat gətirir.
Netrebko və Eyvazovun sözlərinə görə, ayrılıq onların birgə çıxışlarına təsir etməyəcək. Qarşıdan gələn “La Scala” (Turandot) və “Arena di Verona” (Tosca) festivallarında birlikdə çıxış edəcəklər.
Ehtimal olunur ki, ayrılığa səbəb uzaqməsəfəli münasibətdir – Netrebko Vyanada, Eyvazov isə Bakıda çox vaxt keçirir. Ötən il o, paytaxtdakı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına direktor vəzifəsinə təyin olunub.