Azərbaycanda sığorta ödənişi alan bütün işsizlərə uşağa görə əlavə veriləcək. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İşsizlikdən sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Bu haqda bu gün, 22 dekabr tarixində Bakuplus.az məlumat verir.
İşsiz kimi qeydiyyatda olan bütün sığortaolunanlar uşaq müavinəti alacaqlar. Bu şəxslərin sığorta ödənişinə əlavənin məbləği hər uşağa görə 5 faiz, lakin 20 faizdən çox olmamaq şərti ilə artırılır.
Qanuna əsasən, minimum sığorta ödənişi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum aylıq əməkhaqqına bərabərdir.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.