Bakının Nərimanov rayonu, Heydər Əliyev prospekti, 52-58 saylı evin yaxınlığında betonlanan ağacın dibi təmizlənib. Bu haqda bu gün, 7 iyul tarixində Caliber.az məlumat verib.
Bakı Şəhər İcra Hakimiyyəti yanında Yaşıllaşdırma Təsərrüfatı Birliyinə ağacın betona basdırılması ilə bağlı müraciət daxil olub.
Birliyin əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı müəyyən edilib ki, təmir işləri aparılan zaman ağac gövdəsi uzun müddətdir ki, betonla örtülü vəziyyətdə qalıb.
Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları və paytaxtın Nərimanov Rayon İcra Hakimiyyətinin mənzil-kommunal təsərrüfatının işçiləri gövdəni betondan və daşdan təmizləyərək ağacı sulayıblar.