Şəhərin mərkəzi küçələrində hərəkətdə olan rahat və komfortlu avtobusları, çox təəssüf ki, mərkəzdən kənar ərazilərdə görmək mümkün deyil. Bu da sakinlərin narazılığına səbəb olur. Onlar bildirirlər ki, xüsusilə yay aylarında köhnə avtobuslara minməkdən əziyyət çəkirlər. Bu haqda 28 iyul tarixində Real TV reportaj hazırlayıb.
Sərnişinlər evə getmək üçün avtobus tapa bilmədiklərindən, axşam saat 9-dan sonra taksidən istifadə etməli olduqlarını bildirirlər.
Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib ki, ötən 6 ildə Bakı şəhərində müntəzəm marşrut xətlərində istismar olunan avtobusların 61 faizi sərnişinlərə müasir, keyfiyyətli və təhlükəsiz xidmət göstərməyə imkan verən nəqliyyat vasitələri ilə əvəz edilib. Şəhər mərkəzi də daxil olmaqla, ətraf qəsəbələr istiqamətində də bir sıra marşrut xətlərini yeniləmək mümkün olub. Avtobus parkının yenilənməsi prosesi hazırda da davam etdirilir. Daşıyıcılar qarşısında mütəmadi olaraq bununla bağlı məsələ qaldırılır.
“Xüsusilə Bakı şəhərinin ətraf ərazilərində istismarda olan avtobusların yenilənməsinə ciddi ehtiyac var. Bu məsələ daim diqqətdə saxlanılır.
Müntəzəm marşrut xətləri üzrə avtobusların gecə iş saatlarına gəlincə, bu, sərnişin tələbatlarına uyğun tənzimlənən məsələdir. Lakin bəzi daşıyıcılar tərəfindən sui-istifadə hallarına yol verilməsi istisna edilmir. Tərəfimizdən bunun üçün monitorinqlər aparılır və belə hallar aşkarlandıqda daşıyıcı ilə bağlı qanunvericiliyə uyğun tədbirlər görülür”, - deyə Ağayev vurğulayıb.
[caption id="attachment_54470" align="alignnone" width="300"]
Foto Real TV-nin rəsmi Youtube kanalı[/caption]