Bakıda adam oğurlamaqda ittiham olunan şəxslərə hökm oxunub. Bu haqda bu gün, 17 dekabr tarixində Report məlumat yayıb.
Elçin Quliyev 11 il, Vasif Allahverdiyev 10 il, Niyaməddin Kazımlı, Şaiq Hüseynov və Fəqan Eminoğlunun hər biri 8 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Fərəh Rəsulovaya sınaq müddəti təyin edilərək şərti cəza verilib.
Sifarişçi olan Aygün Abbasova isə 5 il müddətinə həbs edilib. Övladının 14 yaşı tamam olduqdan sonra onun hökmünün icrasına yenidən baxılacaq.
Xətai rayon sakini Hüseyn Əsgərov, A.Abbasovadan borca 25.000 manat götürüb və qaytara bilməyib. Məsələyə aydınlıq gətirmək üçün sonuncu, H.Əsgərovu kafeyə dəvət edib.
Görüşə gələn zərərçəkən 3 nəfər tərəfindən istəyi olmadan A.Abbasovanın Pirşağı qəsəbəsində yerləşən bağ evinə aparılıb.
Orada N.Kazımlı, borclu olan şəxsə müxtəlif bədən xəsarətləri yetirib və artıq 30.000 manat pul qaytarmalı olduğunu tələb edib.
Alınan pulun müqabilində qeyd olunan şəxslərə 10 min manat veriləcəyi vəd olunub. Onların arasında döyüş üzrə dünya, avropa və Azərbaycan çempionları da var.
Ən sonda hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat nəticəsində H.Əsgərov girov saxlanıldığı yerdən azad edilib.