Bakıda “Nizami” metro stansiyası yaxınlığındakı tarixi binanın eyvanının bir hissəsi uçub. Bakuplus.az xəbər verir ki, bu barədə professor Elçin Əliyev Facebook sosial şəbəkəsində məlumat paylaşıb. Hadisə təxminən gecə saat 02:00-da baş verib.
Professor qeyd edib ki, Cəfər Cabbarlı küçəsi 3-də yerləşən və Kərbəlai Ələkbər Hacıyevin binası kimi tanınan bu memarlıq abidəsi 1910-1912-ci illərdə rus memarı Aleksandr Polyakovun layihəsi əsasında inşa edilib.
Elçin Əliyev vurğulayıb ki, hadisə gecə baş verdiyindən xəsarət alan olmayıb.
Professor məmurlara müraciət də edib: “Təbiət bir daha məmurlara xəbərdarlıq edir: bəsdir! Oğurluğu və varlanmağı dayandırın! Memarlıq abidəsinin bərpası ilə məşğul olun! Daş parçası növbəti dəfə kiminsə başına düşəcək - axı, insanlar təhlükəli binada yaşayırlar!”



